Hipospadiya
Hipospadiya uretranın ən çox rast gələn inkişaf qüsuru olub, hər 300-1200 yenidoğulmuşdan birində təsadüf edir.
Sidik kanalının formalaşması sidik-cinsiyyət cibi nahiyəsindən başlayaraq cinsiyyət üzvünün baş hissəsinə doğru gedir. Hipospadiyada həmişə sidik-cinsiyyət cibi tam inkişaf etdiyindən arxa uretra və sfinkter normal olur. Hipospadiyada əsasən cinsiyyət büküşləri bir-biri ilə bitişmir və rudiment uretra (xorda) geriyə sorulmur.
Təsnifatı - uretranın xarici dəliyinin cinsiyyət üzvünün hansı hissədə yerləşməsindən asılı olaraq hipospadiyanın 5 klinik forması ayırd edilir.
1) Cinsiyyət üzvünün başının və tac şırımın hipospadiyası. Bu zaman uretranın xarici dəliyi cinsiyyət üzvünün başında, tac şırımın altında yerləşir. Çox vaxt uretranın bu hissəsində xarici dəlik nöqtə şəklində olur. Pülük penisin başının üstündə yerləşir (buna peyğəmbəri deyirlər). Ereksiya zamanı penisin başı aşağı doğru əyilmiş olur.
2) Cinsiyyət üzvünün cisminin hipospadiyası - uretranın xarici dəliyi penisin gövdəsinin müxtəlif nahiyəsində yerləşə bilər. Penis kiçik olur və xayalığa doğru əyilir. Sidik şırnağının istiqaməti aşağı doğru gedir. Ereksiya zamanı penis qövs şəklini alır.
3) Xayalıq formalı hipospadiya - bu formada xayalıq iki hissəyə bölünüb böyük cinsiyyət dodaqlarına bənzəyir. Uretranın xarici dəliyi aralanmış xaya yarıqları arasında yerləşir. Penis çox kiçik olduğundan xayalıq büküşləri arasında klitoru xatırladır. Xayalar haçalanmış və cinsiyyət dodaqlarına bənzər xayalıqda yerləşir. Xayalar olmaya da bilər. Belə oğlan uşaqlarını qıza oxşadırlar.
4) Aralıq formalı hipospadiya - bu formada penis və xayalıq zəif inkişaf edir. Xayalıq və aralıq formalı hipospadiyalarda oğlanlar qız kimi sidik ifraz edirlər. Ona görə də belə uşaqların cinsini müəyyən etmək cətinlik törədir, xüsusəndə əgər bu qüsur ikitərəfli kriptorxizmlə birlikdə təsadüf olunursa. Bu növlü hipospadiyalarda cinsi əlaqə və mayalanma mümkün olmur.
5) Xorda tipli hipospadiya - buna bəzən hipospadiyasız hipospadiya da deyilir. bu zaman uretranın xarici dəliyinin penisin baş hissəsində açılmasına baxmayaraq penis aşağıya doğru əyilmiş olur. Bunun səbəbi rudumentar xordadır. Bu formalı hipospadiyada ereksiya zamanı penis çox eyildiyindən bele oğlanlarda cinsi əlaqə mümkün olmur.
Müalicə - penisin baş hissəsinin hipospadiyasında uretranın xarici dəliyi daralmış olduğundan siyimə çətinləşərsə onda meatotomiya icra edilir. bunun üçün kanalın xarici dəliyinin aşağı kənarında dəri və selikli qişaya bir-iki ketqut tikiş qoyularaq uretranın xarici dəliyi genişləndirilir, sidikburaxma aktı normallaşır.
Hipospadiyanın qalan formalarında müxtəlif plastiki cərrahi əməliyyatlar aparılır.