Rinoplastika
Rinoplastika- bu, plastikcərrahiyyənin yalnız olmayan burnun və onun hissələrinin qüsurlarının canlı toxumalarla əvəz edilməsi yolu ilə yenidən bərpa edilməsi üsullarını deyil, həm də burnun anadangəlmə və qazanılmış düzgün olmayan formalarının cərrahi yolla düzəldilməsi üsullarını öyrənən bölməsidir.
Rusiyalı professor P.İ.Dyakonov bu cərrahi müdaxilə haqqında yazırdı: “Rinoplastika adı ilə də məşhur olan eybəcərləşdirilmiş burnun düzəldilməsi əməliyyatı, plastikcərrahiyyənin ümumi qaydalarının əməli surətdə tətbiq edilməsinin xüsusi hallarından biridir”. Rinoplastika zamanı qarşıda duran məsələ embriogenez mərhələsində və ya hər hansı bir xəstəlik, yaxud da mexaniki (travmatik) zədələnmə nəticəsində burnun pozulmuş formalarının düzgün bərpa edilməsindən ibarətdir.
Burun üzün tam ortasında yerləşən, nəfəsalma və xarici görünüşümüzdə əhəmiyyətli rol oynayan orqandı. Hər insanın burunu özünə xasdır, ona görədə burun estetik əməliyyatı insana özəl olaraq planlaşdırılmalı və həyata keçirilməlidir. Estetik burun əməliyyatının məqsədi, burunun xarici görünüşünü üzün digər cizgiləri ilə eyni ahəngdə dəyişməkdir. Rinoplastikanın planlaşdırılması xəstənin xarici görünüşünə və psixoloji vəziyyətinə əsaslanmalı, onun həyata keçirilməsi ardıcıllığı isə belə olmalıdır.
- Pasiyentin məqsədinin müəyyən edilməsi.
- Burnun xarici görkəminin estetik və anatomik cəhətdən qiymətləndirilməsi.
- İlkin əməliyyat planının tərtib edilməsi.
- Fotoların analiz edilməsi.
- Cərrahi müdaxilənin son variantının hazırlanması.
Rinoplastika zamanı iki üsuldan istifadə olunur.
- Açıq rinoplastika burunda çox həcmli müdaxilənin tələb olunduğu təqdirdə həyata keçirilir. Bu zaman kəsiklər burun boşluğunda deyil, burun deşiyini ayıran dərinin şaquli qatları- kolumella nahiyəsində aparılır. Cərrah yumşaq toxumaların kəsilməsindən sonra qapalı rinoplastikada olduğu kimi burun sümükləri və burun qığırdaqları üzərində manipulyasiya aparır.
- Qapalı rinoplastika əməliyyatı zamanı kəsik burun boşluğunda aparılır. Cərrah burun dərisini burnun karkasını təşkil edən burun sümükləri və qığırdağından ayırır. Bundan sonra həkim onların formasını asanlıqla dəyişdirə, arzu edilən formanı əldə etmək üçün həcmi böyüdə bilər. Məsələn, cərrah burnu daraltmaq üçün qığırdağı burun korpus sahəsində götürə bilər. Burnun çıxıntılı hissələrinin götürülməsi xüsusi alətlər və pyezo aparatı vasitəsilə həyata keçirilir. Cərrah burun sümüklərinin və qığırdağın formasını dəyişdirdikdən sonra, yaranı tikir.
Bu üsullardan hansının seçilməsi pasiyentin müayinəsindən sonra qərara alınır.
Burun əməliyyatı zamanı burun qısaldıla və ya uzadıla bilər, kiçildilə və ya böyüdülə bilər, şəkli dəyişdirilə bilər, burun deşikləri kiçildilə bilər, burun donqarlığı itirilə bilər, burun ucu qaldırıla və incəldilə bilər. Bunlar hamısı əvvəlcədən xəstə ilə razılaşdırılır. Eyni zamanda xəstənin sifətinin anatomik quruluşu mütləq nəzərə alınır.
Əməliyyat ümumi narkoz altında aparılır və təxminən 1.5-3 saat davam edir. Əməliyyatın hansı üsulla aparılmasından asılı olmayaraq heç bir iz qalmır. Rinoplastika zamanı ilk diqqət olunan məsələ burun çəpərində olan deformasiyanın aradan qaldırılmasıdır. Demək olar ki, rinoplastika üçün müraciət edən xəstələrin böyük əksəriyyətində nəfəsalma problemi olur. Bunun aradan qaldırılması üçün burun çəpəri və burunda nəfəs almaya maneçilik törədən bütün maneələr rinoplastika zamanı mütləq aradan qaldırılmalıdır. Əməliyyat zamanı xəstənin rahat nəfəs almasını təmin etdikdən sonra burna müvafik şəkil verilir, tampondan istifadə edilmir. Buna görə də xəstələr əməliyyatdan bilavasitə sonra rahat nəfəs alırlar. Əks halda xəstənin burnu estetik cəhətdən nə qədər gözəl görünsə də xəstə əziyyət çəkəcək.Sonda silikon gipsdən istifadə edilir. Bu gips 10-14 gün ərzində burnun üstündə qalır.
Rinoplastikadan sonra xəstəyə müvafik müalicə təyin edilir. Şişkinlik və göyərmələr olsa da 2-3 gün müddətdə çəkilir. Tikişlər 6-7 gündə çıxarılır və gips dəyişdirilir. Əməliyyatdan sonra ağrı hissiyyatı cüzi olur və demək olar ki, əksər xəstələr ağrıkəsici qəbul etmir. Əməliyyatdan sonrakı ilkin qiymətləndirmə 2 aydan sonra olur. Son qiymət 6 aydan sonra verilir. Əməliyyat ən son texnologiyanın tətbiqi ilə aparılır.